SVG
SVG

Yeni başlanğıc: təcrübə üzərində düşüncələr

Paylaşılma tarixi: 2024-09-09

Əziz müəllimlər, bu müraciəti sizə on beş illik müəllimlik təcrübəmə əsaslanıb yazıram. Emi Vrzesniyevski (Amy Wrzesniewski) deyirdi ki, gördüyü işi “iş” (job) olaraq adlandıranlar onu əsasən gəlir vasitəsi kimi görür, “karyera” (career) kimi nəzərdən keçirənlər işini vəzifə pilləkənində irəliləmək üçün vasitə olaraq dəyərləndirir, “təyinat” (calling) adlandıranlar isə ödəniş və prestijindən asılı olmayaraq işlərinin mənalı olduğuna inanır. Məndə bu proses “iş” kimi başladı, “karyera” hissəsi mənə maraqlı olmadığına görə bir müddət bu elə “iş” kimi davam etdi. İki il keçdi və mən düşündüm ki, məktəb mənə görə yer deyil, 3 aylıq özümü ofis işində sınadım və gördüm uşaqlar üçün darıxıram.

Bizə unversitetdə proqram, pedaqoji və fənnə dair bilik və bacarıqlar öyrədilir. Lakin başqaları (həmkarlar, müdiriyyət, valideyn, şagird) bir tərəfə, hələ öz hislərimizi necə idarə etməyi bizə heç kim izah etmir. Müəllimin əsas problemləri elə bu sahədə baş verir. Mən başlayanda 22 yaşım vardı, 11-ci sinif ilə aramda 3-4 yaş fərqinin olması mənə olduqca çətin idi. Çəlimsiz, qaraqabaq (deyirdilər gülsən, uşaq başına çıxacaq), səsi zəif eşidilən (indi də elədir) bir müəllim düşünün və ona olan münasibəti. Mənə elə gəlir, o vaxt məktəbdən çıxmaq haqqında verdiyim qərarın mənim üçün nə qədər doğru göründüyünü təsəvvür eləmək çətin olmamalıdır. Sonra bir gün bir təlimdə iştirak etdim və başa düşdüm ki, mən elə məktəblik adamam, sadəcə öz üzərimdə işləməliyəm. Effektiv təşkil olunan təlimlərin gücünə inamım sonsuzdur, ən böyük arzularımdan biri mənim də təlimimdə hansısa müəllimin özünə inanması, öz gücünü kəşf etməsidir.

Əziz yeni işə başlayan müəllimlər, siz düşünürsüz, təcrübəsiz olduğunuz üçün hər şey sizin başınıza gəlir. Ancaq sizin kimi təcrübəli müəllimlər də tükənə bilir. Fikir versəniz, görərsiniz ki, təcrübəli müəllimlər də illərlə məktəbdaxili neqativə məruz qaldıqları üçün həvəssiz ola bilirlər. Lakin bu həmişə belə deyil, əlbəttə. Sizə onu deyə bilərəm ki, əgər şagirdlər onları sevdiyinizə əmin olsalar, hər şey xeyli asanlaşacaq. Söhbət peşəkar sevgidən gedir, onların xeyrinə, inkişafına xidmət edəcək sevgidən. Mütləq şagirdlərlə ünsiyyətdə niyyətinizi sorğulayın. İrad bildirirsinizsə, burada niyyətiniz nədir? Özünüzün üstünlüyünü göstərmək, ya ona nə isə öyrətmək? “Mən bunu niyə edirəm?” sualı çox kömək edir.

Mən burada ideal müəllim olmuşam kimi bir fikir yaratmaq istəmirəm. Yetərincə kobud səhvləri olan, bugün də o səhvləri ürəyində daşıyan bir müəllim olaraq yazdıqlarımı sizinlə paylaşıram. Biz bu və ya digər şəkildə evlərdə müzakirə mövzusu oluruq, indiki şagirdlərimiz, onların valideynləri və ya artıq yetkin insanlar olan keçmiş şagirdlərimiz onların həyatına təsirimiz (müsbət və ya mənfi) haqqında danışırlar. Henri Adams (Henry Adams) deyir, müəllimin təsiri əbədidir, onların təsirinin harada dayandığını heç kəs deyə bilməz. Ona görə də, əziz həmkarlar, özünüzə bir az vaxt ayırın və düşünün. İndiyədək başqalarının həyatına hansı təsiriniz olub və bundan sonra hansı təsirinizin olmasını istəyirsiniz? Əgər dəyişikliyə ehtiyacınız olduğunuzu düşünürsünüzsə, bunu səmimi şəkildə özünüzə etiraf edin və bu dərs ilinin o dəyişikliyi həyata keçirmək üçün ən doğru vaxt olduğunu qəbul edin. 

Yeni dərs ilində hamınıza can sağlığı, xoş əhval-ruhiyyə və dərs ilinin sonunda uşaqların həyatına müsbət təsirlərinizin çox olmasını arzu edirəm. Yeni dərs iliniz mübarəkdir, əziz həmkarlar!

 

Image